4 ailə üzvünün taleyi hələ də naməlumdur| “Qardaşımı dəfn elədik. Allahıma şükür edir, ailəmizə göz aydınlığı verirəm” – FOTOLAR

2024/06/10-8591389215.jpg
Oxunub: 482     10:21     14 İyun 2024    
Yazının başlığını təsadüfən seçmədim. Yəqin ki, səbrlə sonacan oxumayanlar elə ilk kəlmədən məni qınayacaq ki, axı qardaşını dəfn etməyə kim sevinər?

Bəli, belə düşünəndə heç kim qardaşının dəfn olunmasını sevinclə paylaşmaz. Amma çox zaman həyatda elə oyunların şahidi olursan ki, nəinki yaxınının dəfn olunmasına, hətta onun sadə yolla ağrısız ölümünə belə şükür etməli olursan. Yaxınlarını itirən, yaşadığı ortamda bu acıları yaşayan kifayət qədər insanların olduğu bir şəxs kimi, bu ifadələrin necə ürəkdən və sevinclə deyildiyini çox gözəl anlayıram.

Ordu.az olaraq hər zaman müharibə acısı yaşamış soydaşlarımızla keçən söhbətlərimizi qələmə alaraq Sizə çatdırırıq. Bu dəfə uzun illər ayrılıqdan sonra itkin düşümüş hesab edilən və son vaxtlar taleyinə aydınlıq gətirilən həmvətənlərimizin yaşadıqları hissləri çatdırmağa çalışacağıq.


2020-ci il, torpaqlarımızın geri qayıtması ilə nəticələnən cəmi 44 gün. Bu gün, heç şübhəsiz ki, tarixlər boyu böyük qürurla anılacaq. Çünki bu günlər torpaqlarımızın azadlığı ilə yanaşı, həm də uzun illər sonra uzun illər itkin düşmüş şəxs kimi qeydiyyatda olan onlarla soydaşlarımızın taleyinə də bir işıq tutdu. İşğaldan azad edilən ərazilərdə tapılan kütləvi məzarlıqlar bir gözümüzü ağlatsa da, bu göz yaşları içərisində dərindən bir köks ötürüb ulu yaradana ruhən şükür duası edənlərimiz də az olmadı. Çünki, bir çoxlarının heç bir vaxt görə bilməyəcəyimizi düşündüyü və bu gün üzərində qürurla addımladığımız müqəddəs torpaqlarımızda toplu şəkildə tapılan insan sümüklərinin qalıqları çox ailələrin təsəlli yeri oldu. Təkcə işğaldan azad edilən ərazilərdə deyil, elə ətraf rayonlarımızda da adsız məzarlarda uyuyan çox sayda soydaşlarımızın taleyinə aydınlıq gəldi. Tapılacaqlarına tam olaraq ümidsiz olduğumuz halda, bəzən də elə itkin hesab edilən soydaşlarımız olub ki, onun yanından hətta öz yaxınları belə dəfələrlə ötüb keçib. Ruhlara hər şey agah olur deyirlər. Bəlkə də, hər yanından ötüb keçəndə yaxınlarını ayaq səslərində hiss edir, “Eeey, mən burdayam” deyə “səslənirdilər”. Amma nə fayda ki, kimsə o məzarda uyuyanın əsl kimliyini bilməyib. Çünki adından bəlliydi: “Naməlum əsgər məzarı”.
Bir ailənin faciəsi, taleyi naməlum olan körpələr

Naməlum əsgər kimi dəfn edilənlərdən biri də Mehdiqulu Mədət oğlu Quluyev olub.


Hamıya yaxşı məlumdur ki, ermənilərin 1991-1994-cü illərdə sürətli işğal planı nəticəsində Füzuli rayonu ərazisi də işğal edilir. Lakin bir müddət sonra, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Müstəqil Azərbaycan ordusu növbəti uğurlu əməliyyatlarından birini həyata keçirir. Bu əməliyyatlar nəticəsində düşmən geri oturdularaq rayonun bir neçə kəndi işğaldan azad edilir. Azad edilən ərazilərdə onlarla şəxs tapılaraq şəxsiyyəti məlum olmadığı üçün naməlum kimi dəfn edilir. Rayonun Bala Bəhmənli kəndində də bu cür məzarların sayı çox olub. Müharibə dövrünün aktiv dönəminə təsadüf etdiyi üçün tapılan şəxslər pərakəndə olaraq dəfn edilirdilər. Bala Bəhmənli kənd orta məktəbinin həyəti də daxil olmaqla kəndin bir neçə istiqamətində bu cür məzarlara rast gəlmək olurdu. Bu kəndin ərazisində şəxsiyyəti bilinmədən dəfn olunanlardan biri də Mühdiqulu Mədət oğlu Quluyev olub. Füzuli rayonunun Balabəhmənli kənd qəbiristanlığında tapılan qalıqlardan birinin Mehdiqulu Mədət oğlu Quliyevə məxsus olduğu müəyyənləşib.

Həyəcanlı ailə üzvüləri, sönməyən ümidlər, ağlayan gözlərdəki sevinc hissləri

Şəhidin qardaşı Ağaməmməd Quluyev deyir ki, Quluyevlər ailəsi bu gün çox sevinclidir. Həm də digər yaxınlarınından soraq almaq üçün daha şübhə yerləri qalmır. Deyir ki, Mehdiqulunun tapılması sorağına ilkin olaraq inanmayıblar. Təbii ki, bunun üçün bir çox səbəbləri var. Şəhidin qardaşı deyir ki, indiyə qədər onlar qardaşını və ailə üzvülərini harda olursa-olsun, bir yerdə tapmaq ümidində olublar. İnanırlar ki, tez zamanda digər ailə üzvülərindən də soraq alacaqlar: “Qardaşım itkin düşəndə 35 yaşı vardı. O, bütün ailə üzvləri ilə birlikdə itkin düşüb. Uzun illərdir itkin hesab edilən qardaşım Mehdiqulu uzun illərdən sonra tapılaraq torpağa tapşırıldı. Mən əslində çox söz deyə bilərəm. Amma ilk olaraq ölkə başçısına təşəkkürümü bildirirəm ki, bizim ailənin qismən də olsa gözü yoldan yığıldı”.


Ağaməmməd kişi deyir ki, Cəbrayıl işğal olunan zaman məcburən kəndi tərk etməli olurlar. Qardaşı Mehdiqulu öz ailəsilə Füzuli rayonu ərazisinə qədər gəlirlər: “İndiki vaxta qədər hər yerdən əlimiz üzülmüş bir vəziyyətdəydik. Bu hal bizi ailəlikcə ruhən məhv edib. Ata-anamız son nəfəslərində belə qardaşı və onun ailəsinin adlarını çəkərək dünyalarını dəyişiblər. İndi qardaşımın tapılması bizi ümidləndirib. Bu gün qardaşımı dəfn etdik. İnanırıq ki, yaxın zamanlarda da qardaşımın həyat yoldaşı və 3 az yaşlı körpəsinin də taleyinə aydınlıq gələcək. Nə deyim qardaşımı dəfn etdik, çox sevinirik, gec də olsa məlumat aldıq, artıq harda olduğunu bilirik. Hamımızın gözü aysın olsun”.

Ağaməmməd kişi danışdıqca yanaqlarında axan göz yaşları yanağında diyirlənib çənəsində dayanır. Buna baxmayaraq onun gözlərində sevinc dolu bir hissi duymaq o qədər də çətin deyildi. Qardaşı dəfn olunur, Ağaməmməd kişi gah bizlə danışır, gah da gözü məzarın üstünə torpaq atan yaxınlarına zillənirdi. Deyir ki, qardaşının ailəsində olan 3 körpə uşağın taleyi onu ən çox ağrıdan hal olub: “Onsuz da ermənilərin azyaşlı uşaqlara hansı işgəncələri verdiklərinin ya şahidi olmuşuq, ya da şahidlərdən eşitmişik. Biz əvvəllər elə bilirdik ki, qardaşım və ailəsi harda olursa-olsun bir yerdədilər. Biz hardan bilərdik ki, 30 ildir biz onun uyuduğu qəbristanlığın yanından dəfələrlə ötüb keçmişik. İndi qardaşımı dəfn etdik. Bundan az da olsa təsəlli tapıb rahatlandıq. Bəs həyat yoldaşı və 3 balası necə, indi hardadırlar? Onların başlarına gətirilən işgəncələri təsəvvür belə etmək istəmirəm”.


Bəli müsahibimizin dediyi “təsəvvür belə etmək istəmirəm” sözü bir kəlmə olsa da, bu sözün arxasında günahsız neçə-neçə insanların ağıla gəlməyən üsullarla gördükləri işgəncələr, zülümlər, ah-nalələr dayanır. Hər nə qədər keçmişi geri qaytarmaq mümkün olmasa da, onsuz da düşmənin etdikləri nə yaralarımızı sağaltmayacaq, nə də günahsız körpələrimizin narahat ruhlarını rahat etdirməyəcək.

Məlumat üçün bildiririk ki, Quliyev Mehdiqulu Mədət oğlu 01 iyun 1958-ci ildə Cəbrayıl rayonunun Niyazqulular kəndində anadan olub.

Bir çox soydaşlarımız kimi, onun da yalnız bir arzusu varıydı: ailəsini ölümün pəncəsindən xilas etmək. Lakin nə özü, nə də ailəsi düşmənin amansız nifrətindən qaça bilmədi. 23 oktyabr 1993-cü ildə Quliyev Mehdiqulu Mədət oğlu və 4 nəfər ailə üzvü - həyat yoldaşı Quliyeva Ofeliya Məmiş qızı, 3 övladı - Quliyev Ceyhun Mehdiqulu oğlu, Quliyev Xürrəm Mehdiqulu oğlu və Quliyeva Ceyhunə Mehdiqulu qızı ilə birlikdə Füzuli rayonu ərazisində itkin düşür.

Mehdiqulu Quluyevin qalıqları aşkar edilsə də, itkin düşən digər 4 ailə üzvünün taleyi hələ də naməlum olaraq qalır.



Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şəhid   Mehdiqulu-Quluyev  


Bizi "telegram"da izləyin